Orqan donorluğu ilə bağlı növbəti maarifləndirici tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilib. Tədbiri giriş sözü ilə açan Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektor Yeganə Axundova orqan donorluğunun bəşəriyyət üçün əhəmiyyətli və aktual mövzu olduğunu vurğulayıb. Prorektor cəmiyyətdə bu sahədə maarifləndirmə işinin gücləndirilməsinin vacibliyini qeyd edərək, xüsusilə gənclər arasında düzgün məlumatlandırmanın önəmini diqqətə çatdırıb.
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin (ODTKM) sədri Yeganə Abbasova çıxışında Azərbaycanda transplantasiya sahəsində son illər ərzində atılan addımların artıq konkret nəticələr verdiyini bildirib. O qeyd edib ki, yaradılmış hüquqi baza, formalaşdırılmış koordinasiya mexanizmi və ixtisaslaşmış tibbi komandaların fəaliyyəti sayəsində transplantasiya əməliyyatlarının sayı və uğur göstəriciləri artmaqdadır.
Sədr əlavə edib ki, bu statistikanın arxasında real insan taleləri dayanır. Transplantasiya olunaraq həyatı xilas edilən və yenidən normal həyata qayıdan insanlar bu sahədə görülən işlərin ən böyük göstəricisidir. Vaxtında həyata keçirilən əməliyyatlar yüzlərlə ailəyə ümid, sabitlik və gələcəyə inam qazandırıb.
Mərkəzin həkim-koordinatoru Mehriban Əliyeva çıxışında opt-in və opt-out sistemləri barədə danışaraq müxtəlif ölkələrin təcrübəsini bölüşüb. O, Azərbaycanda meyit donordan orqan nəqli sayəsində həyatı xilas edilən insanlardan nümunələr təqdim edərək, ölkəmizin orqan donorluğu sahəsində regionda lider mövqeyini qoruduğunu vurğulayıb. Həmçinin, ölümdən sonra donor olmaq üçün qeydiyyatdan keçənlərin böyük əksəriyyətinin gənclər olduğunu qeyd edərək, bu faktı gələcək nəsillərin sağlamlığının qorunmasında ümidverici amil kimi qiymətləndirib.
Tədbir interaktiv formada davam etdirilib – tələbələrin sualları cavablandırılıb və iştirakçılara simvolik hədiyyələr təqdim olunub.
Tədbirin bədii hissəsi tələbələrin ifaları ilə tamamlanıb və orqan donorluğunun əsas mesajı olan insanlığa sevgi və humanist dəyərləri incə şəkildə əks etdirib.